Gəncə Dövlət Universitetinin (GDU) tələbələri təhsil aldıqları şəhəri WUF13-də layiqincə təmsil edəcəklərini bildiriblər.
Onlar bu barədə GDU-da təşkil olunan WUF13-lə əlaqədar məlumatlandırma sessiyası çərçivəsində "Report"un Qərb bürosunun əməkdaşı ilə söhbətdə danışıblar.
Universitetdə keçirilən sessiyada GDU-nun tələbələri də fəal iştirak edərək WUF13-lə əlaqədar fikirlərini bildiriblər, bu mövzuda onları maraqlandıran suallara cavab alıblar.
GDU-nun İngilis dili müəllimi ixtisasının 3-cü kurs tələbəsi İsrafil Abbasov Gəncədə bu səviyyədə tədbirlərin keçirilməsini müsbət hal kimi qiymətləndirib:
"Əslində, ölkə əhəmiyyətli belə tədbirlərin burada keçirilməsi həm şəhər ictimaiyyəti, həm də biz tələbələr üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın şəhərlərinin qədim və müasir memarlıq üslubları var. Bu gün baş tutan sessiyada mütəxəssislər bizə şəhərsalma normativləri barədə faydalı və geniş məlumatlar verdilər. Bakıda keçiriləcək WUF13-ə biz də qatılaraq Gəncəni və universitetimizi layiqincə təmsil edəcəyik".
GDU-nun digər tələbəsi Amin Məmmədli isə WUF13-ə həsr olunan məlumatlandırma sessiyasında özü üçün xeyli yeni məlumatlar əldə etdiyini deyib:
"Məlumatlandırma sessiyası biz gənclər üçün çox maraqlı keçdi, şəhərsalmaya dair yeni informasiyalar əldə etdik Gəncənin görkəmi son dövrlərdə xeyli dəyişib, gözəlləşib. Həqiqətən, Gəncədə qədim və müasir memarlıq üslublarının uğurlu sintezini görə bilirik. Ümid edirik ki, şəhərdə yeni və müasir memarlıq layihələri davamlı şəkildə icra olunacaq".

