Bakıda mayın 17–22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək.
Bu barədə "Report"a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd ölkə ictimaiyyətini bu mühüm tədbir barədə məlumatlandırmaqdır.
Festivalın açılışı aprelin 28-də paytaxtda baş tutacaq. Ardınca tədbirlər aprelin 29-da Sumqayıtda, aprelin 30-da Qubada, mayın 2-də Lənkəranda, mayın 4-də Qəbələdə, mayın 5-də Şəkidə, mayın 6-sı Mingəçevirdə, mayın 8-də Gəncədə keçiriləcək və mayın 10-da Xankəndidə yekunlaşacaq.
Festival proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə fəaliyyət göstərən universitetlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək. Günün ikinci hissəsində isə açıq havada ictimai proqramlar keçiriləcək.
Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Tədbirlərdə iştirak sərbəstdir.