Somali sahilləri yaxınlığında silahlı qrup paytaxt Moqadişoya 18 min barel neft daşıyan “Honour 25” adlı tankeri ələ keçirib.
Lent.az xəbər verir ki, bu barədə BBC öz mənbələrinə istinadən məlumat yayıb. Jurnalistlərin bildirdiyinə görə, hücum gəmi sahildən cəmi 30 mil məsafədə olarkən həyata keçirilib.
İlkin məlumatlara əsasən, tanker fevralın 20-də Somalinin Berbera limanından yola çıxıb. Bu şəhər nisbətən sabitliklə seçilən Somaliland ərazisində yerləşir. Gəminin marşrutu qeyri-adi olub: ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından qısa müddət sonra “Honour 25” Birləşmiş Ərəb Əmirlikləri sahillərinə yönəlib. Daha sonra tanker təxminən bir ay ərzində strateji əhəmiyyətli Hörmüz boğazı ətrafında demək olar ki, məqsədsiz şəkildə hərəkət edib və yalnız bundan sonra Moqadişoya istiqamət götürüb.
Məhz marşrutun son hissəsi faciəvi olub. Altı silahlı dəniz qulduru sürətli qayıqlarla tankeri hücuma məruz qoyaraq nəzarəti ələ keçirib. “Honour 25”in göyərtəsində müxtəlif ölkələrdən 17 heyət üzvü olub: 10 pakistanlı, 4 indoneziyalı, həmçinin Hindistan, Şri-Lanka və Myanmadan hərəsindən bir nəfər.
Gəmi ələ keçirildikdən sonra quldurlar tankeri Bandarbeyla sahillərinə apararaq orada lövbər salıblar. Mənbələrin məlumatına görə, ilkin ələ keçirmədən sonra daha beş silahlı şəxs gəmiyə qalxıb. Ehtimal olunur ki, silahlıların sayının artması “qənimətin” mühafizəsini gücləndirmək və danışıqlar prosesinə hazırlıq məqsədi daşıyıb.
BBC-nin qeyd etdiyinə görə, Yaxın Şərqdəki münaqişənin yaratdığı qlobal enerji qiymətləri artımı fonunda ölkə daxilində benzinin qiyməti üç dəfə bahalaşıb. Yanacaq daşıyan tankerin ələ keçirilməsi isə yeni qıtlıq dalğası və əhalinin həyat səviyyəsinin daha da pisləşməsi riskini artırır.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti rəsmi şəkildə üzərinə götürməyib. Eyni zamanda, dəniz quldurlarının gəminin, ekipajın və yükün azad olunması üçün hər hansı fidyə tələbi irəli sürüb-sürmədiyi də məlum deyil.
Hadisələr tanker neft quldurlar silahlı qruplaşma Somali