Azərbaycanın Ukraynaya humanitar dəstəyi ikitərəfli münasibətlərin gücləndiriliməsinə böyük təkandır.
Bunu "Report"a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycan–Ukrayna münasibətlərinin dərin kökləri var:
"Biz xeyli vaxtdır ki, bir-birimizlə münasibətləri qoruyub saxlayırıq. Onların müsbət təsirlərini hər iki tərəfdə insanlar hiss edir və bu da ondan irəli gəlir ki, xalqlarımız və cəmiyyətlərimiz arasında çox böyük bağlılıq var. Bir çox ümumi dəyərlərimiz mövcuddur və biz onlara riayət edirik. Bəzi hallarda isə bu ahəng sayəsində qarşımızda duran hədəflərə çatmağa çalışırıq. Əlbəttə, vətəndaş cəmiyyətlərinin bir-birinə yaxın olması, bir-birinə dayaq olması çox vacib göstəricidir. Çünki məhz siyasi elitalar, eləcə də intellektual kəsim həmişə xalqın münasibətindən, yanaşmasından ilham alır, güc və enerji götürür, hərəkətlərini buna uyğun tənzimləyir".
Politoloq qeyd edib ki, hazırda Bakı ilə Kiyev arasında siyasi dialoqun mövcudluğu oxşar problemlərin mövcudluğuna işarədir:
"Demək olar ki, eyni taleləri yaşamış xalqlarıq. Azərbaycan uzun illər işğalla üz-üzə qalıb və dünya birliyi bu problemlərə biganə yanaşıb. Nəhayət, Azərbaycan xalqı öz siyasi rəhbəri, Prezident İlham Əliyevin planı və konsepsiyası əsasında qarşıda duran məsələnin həllinə nail oldu. Ukrayna da hazırda ağır vəziyyətdədir və biz başa düşürük ki, müharibə şəraitində xalq hansı çətinlikləri yaşayır. Buna görə də Azərbaycan Ukrayna xalqına humanitar yardımlarını əsirgəmir, geniş dəstək göstərir".
T. Abbasov bildirib ki, müharibə zamanı insanların əziyyət çəkməsi qaçılmazdır: dağıntılar, xəstəliklər, xəsarətlər, psixoloji travmalar baş verir:
"Xüsusilə uşaqlar bu vəziyyətdən daha çox təsirlənir. Bu səbəbdən Azərbaycan Ukraynadan olan uşaqların reabilitasiyasına xüsusi diqqət yetirir. Bu, təkcə Ukrayna xalqına deyil, ümumilikdə beynəlxalq ictimaiyyət qarşısında götürdüyümüz öhdəliklərin bir hissəsidir. Bu istiqamətdə mühüm işlər görülür və bu məsələ həm də böyüklərin diqqət mərkəzindədir. Çətin vəziyyətlərdə dost ölkələr bir-birinə dəstək olmağa çalışır. Həm Azərbaycanda, həm də Ukraynada səfirliklər fəaliyyət göstərir. Bununla yanaşı, vətəndaş cəmiyyəti fəalları və diaspor təşkilatları da aktivdir. Məsələn, Azərbaycanda Ukraynalıların Konqresi, Ukraynada isə Azərbaycan icması fəaliyyət göstərir. Onlar xalq diplomatiyası səviyyəsində iş aparır, vacib məsələləri gündəmə gətirir və onların həlli yollarını müəyyənləşdirirlər. Bu da ümumi münasibətlərə ciddi dəstək verir".
Politoloq iki ölkə arasında iqtisadi və enerji sahəsində əməkdaşlıqların önəmi mövzusuna da toxunub:
"Tərəflər arasında birbaşa əlaqə saxlayan təşkilatlar, istehsal və elmi qurumlar fəaliyyət göstərir. Onlar münasibətləri genişləndirir, yeni texnologiyalar, rəqəmsallaşma və süni intellekt sahəsində əməkdaşlıq edir. Sovet dövründən Ukraynada böyük elmi-texniki potensial formalaşıb. Bu əlaqələr bu gün də davam edir, birgə layihələr həyata keçirilir, hətta ortaq müəssisələr yaradılıb. Bütün bunlar hər iki tərəfə fayda verir. Enerji sahəsi də əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Müharibə nəticəsində Ukraynanın enerji infrastrukturu ciddi zərər görüb. Bu səbəbdən Azərbaycan Ukraynaya müxtəlif avadanlıqlar, o cümlədən generatorlar göndərir ki, insanlar yerli səviyyədə elektrik enerjisi ilə təmin oluna bilsinlər. Bu, müvəqqəti də olsa, əhalinin ehtiyaclarının ödənilməsinə kömək edir".

