IMG-LOGO

Tarixi abidələrdə təbii eroziya ilə mübarizə: Dünya təcrübəsi və İçərişəhər nümunəsi

10 Apr 2026 16:38 3 baxış
IMG

Ötən gün Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi qala divarının kiçik bir sahəsində aşınma müşahidə edilib. Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız yağıntılar nəticəsində yaranan rütubət və təbii eroziya prosesləridir.

"Report" xəbər verir ki, hazırda aşınma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən operativ tədbirlər görülür.

İlkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçirilir. Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib. Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq və bunun nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək.

Bərpa işlərinə Avstriyadan dəvət olunmuş mütəxəssislərin cəlb edilməsi də bu prosesə göstərilən yüksək diqqət və beynəlxalq təcrübəyə əsaslanan yanaşmanın göstəricisidir. Bu, Qala divarlarının qorunmasının yalnız yerli deyil, həm də peşəkar və qlobal standartlara uyğun şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir.

Tarixi abidələrə baxanda bəzən unuduruq ki, onlar "donmuş keçmiş" deyil, əksinə zamanla "yaşayan" strukturlardır. Ona görə də İçərişəhərin Qala divarlarında müşahidə olunan qismən aşınmanı tarixi memarlığın təbii həyat dövrünün bir hissəsi kimi dəyərləndirmək daha doğrudur.

Əslində dünya təcrübəsinə baxsaq, belə hallar heç də nadir deyil. Məsələn, 2019-cu ildə Parisdə Notre-Dame de Paris katedralında bədbəxt hadisə nəticəsində baş verən yanğın səbəbindən 850 illik qotik binanın damı və əsas qülləsi dağıldı. Bu hadisə fonunda bütün Avropada tarixi irsin necə həssas və müdafiəyə ehtiyacı olan bir sahə olduğu aydınlaşdı. Maraqlısı da odur ki, sözügedən hadisə təşvişə səbəb olmadı. Əksinə, həmin yanğınla genişmiqyaslı, elmi əsaslı və mərhələli bərpa prosesinin başlanğıcına zəmin yarandı.

Bundan başqa İkinci Dünya müharibəsi zamanı Almaniyanın Drezden şəhərindəki Frauenkirxa kilsəsi 1945-ci ildə dağıdılmışdı. Şəhərə atılmış 650 mindən artıq dağıdıcı bomba nəticəsində şəhərdə temperatur yüksəlmiş və bu zaman kilsə daxilində təxminən 1000 selsi dərəcədən artıq istilik yaranmışdı. Tamamilə dağılan kilsə onilliklər sonra tarixi sənədlər və orijinal daşlardan istifadə olunaraq yenidən bərpa edildi. Hətta bu layihə Avropada tarixi irsin "yenidən dirildilməsi"nin ən uğurlu nümunələrindən biri kimi də qəbul edilir.

Bu fakt onu göstərir ki, tarixi abidələrdə baş verən ən ağır dağıntılar belə onların sonu deyil. Drezden təcrübəsində olduğu kimi, tamamilə məhv olmuş bir memarlıq nümunəsi belə uzun illər sonra elmi sənədlər, arxiv materialları və orijinal daşların qorunub saxlanılmış hissələri əsasında yenidən bərpa oluna bilir. Bu, tarixi irsə yanaşmada "bərpaedici yenidənqurma" prinsipinin nə qədər önəmli olduğunu ortaya qoyur.

Eyni məntiqi İçərişəhərdə Qala divarlarında müşahidə olunan aşınma halları ilə əlaqələndirmək olar. Burada məqsəd dağıntı sonrası yenidən qurma deyil, mövcud strukturun qorunması və onun tarixi dəyərinin itirilmədən gələcəyə ötürülməsidir.

Həmçinin Giza Böyük Piramidası da dünyanın ən qədim və ən möhtəşəm memarlıq abidələrindən biri olmaqla yanaşı, təbii təsirlərə qarşı ən uzunömürlü "yaşayan struktur" nümunələrindən hesab olunur. Minilliklər boyu Misirin sərt səhralıq iqlimi bu abidəyə davamlı şəkildə təsir göstərib. Güclü küləklər, qum fırtınaları, yüksək temperatur fərqləri və rütubətin dəyişməsi piramidanın xarici daş səthlərində aşınma və eroziya prosesini qaçılmaz edib.

Xüsusilə qum hissəciklərinin daimi sürtünməsi nəticəsində daşların səthində cilalanma və mikroskopik parçalanmalar müşahidə olunur. Gündüz və gecə temperatur fərqləri isə daş bloklarda genişlənmə və daralma proseslərini sürətləndirərək zamanla kiçik çatların yaranmasına səbəb olur. Bu proseslər min illər ərzində yavaş, amma davamlı şəkildə gedərək abidənin səth quruluşunu dəyişib.

Lakin piramidalar təbii təsirlərlə baş-başa buraxılmır. Müasir dövrdə Misir hökuməti və beynəlxalq mütəxəssislər tərəfindən abidənin qorunması üçün davamlı monitorinq aparılır. Buraya struktur sabitliyinin izlənməsi, zədələnmiş daş blokların qiymətləndirilməsi və turist axınının yaratdığı əlavə təzyiqin nəzarətdə saxlanılması daxildir. Nəticədə abidənin tarixi orijinallığı qorunaraq mümkün qədər uzun müddət sabit vəziyyətdə saxlanılır.

Bu baxımdan Giza Piramidası göstərir ki, ən möhkəm və minilliklərə tab gətirmiş tikililər belə təbii proseslərdən tam sığortalanmayıb.

Eyni yanaşmanı İtaliyada Kolizey, Çin Səddi kimi minillik tarixi olan abidələrdə də görürük. Bu tikililər əsrlərdir həm təbii aşınma, həm seysmik təsirlər, həm də şəhər mühitinin yaratdığı təzyiqlərlə üz-üzədir. Amma həmin tikililərdə heç vaxt birdəfəlik bərpa işləri aparılmayıb. Çin Səddi də minlərlə kilometrə yayıldığı üçün onun müxtəlif hissələrinin vəziyyəti eyni olmadığından bəzi bölmələr tam bərpa olunub turistlər üçün açıq şəkildə qorunur, bəzi hissələr isə illərlə baxımsız qaldığı üçün təbii aşınmaya məruz qalır. Buna görə də Çin dövləti son onilliklərdə abidənin qorunması üçün sistemli konservasiya proqramları həyata keçirir.

Azərbaycan təcrübəsi də bu baxımdan tamamilə eyni məntiqə söykənir. İçərişəhər və Şirvanşahlar Sarayı kimi abidələrdə aparılan bərpa işləri illərdir planlı şəkildə, mərhələli yanaşma ilə həyata keçirilir. Burada əsas məqsəd heç vaxt "sürətli nəticə" deyil, tarixi daşın, memarlıq ruhunun və orijinallığın qorunmasıdır. Aşınma baş verən sahələrdə ayrıca texniki qiymətləndirmə keçirilir. Növbəti mərhələlərdə artıq zədələnmiş hissələrin təmiri və bərpası prioritetə çevrilir.

Burada əsas məsələ baş verən kiçik aşınma deyil, həmin aşınmanın səbəbinin araşdırılması, abidənin ümumi vəziyyətinə təsirinin ölçülməsi və gələcəkdə daha böyük zədələrin qarşısının alınması üçün görülən planlı tədbirlərdir. Bu baxımdan mütəxəssislərimiz tarixi abidələrin zədələnməməsi istiqamətində mübarizə aparmaq əvəzinə onların düzgün şəkildə qorunması və uyğun şəkildə bərpa olunması üçün addımlar atılar.

Ən önəmlisi isə bu proseslərin nəzarət altında, məsuliyyətsizlikdən uzaq baş tutmasıdır. Hazırda Bakının mərkəzində peşəkar monitorinq, mərhələli konservasiya və beynəlxalq təcrübəyə əsaslanan yanaşma sayəsində hər bir detal diqqətlə izlənilir və lazım olan müdaxilələr vaxtında həyata keçirilir. Bu da onu göstərir ki, məqsəd sadəcə abidəni qorumaq deyil, onu orijinallığını itirmədən gələcək nəsillərə ötürməkdir.

Tarixi abidələrin taleyi uzunmüddətli elmi yanaşma və davamlı qoruma siyasəti ilə müəyyən olunur. İçərişəhər isə bu baxımdan təkcə Bakının deyil, ümumilikdə regionun ən sistemli qorunan mədəni irs nümunələrindən biri olaraq öz tarixi mövcudluğunu bu gün də qoruyub saxlayır.

Xəbər lenti