IMG-LOGO

Virtual tor: Dünya ölkələri və Azərbaycan uşaqları kibertəhdidlərdən qorumağa çalışır - ŞƏRH

08 Apr 2026 16:44 3 baxış
IMG

Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması dünya ölkələri üçün prioritet məsələlərdən birinə çevrilir. Avropadan tutmuş, Amerikaya qədər ölkələr bu məsələnin aktuallığını və əhəmiyyətini başa düşür və müvafiq addımlar atmağa başlayırlar.

Bir neçə gün əvvəl Fransada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini məhdudlaşdıran qanun layihəsi Senatda təsdiqlənib. Bununla da Fransa belə bir qadağa tətbiq edən ilk Avropa ölkəsi olub. Qanunun sürətləndirilmiş qaydada qəbulu sentyabrın 1-dən, yeni dərs ilindən etibarən tətbiqi nəzərdə tutulur. Qanunun icazə verilən yaş həddinə uyğun olmayan uşaqların mövcud sosial media hesablarının deaktiv edilməsi üçün 31 dekabra qədər vaxt veriləcək.

Qəbul edilmiş qanuna əsasən yetkinlik yaşına çatmayanların fiziki, zehni və ya mənəvi inkişafına zərərli hesab edilən platformaların siyahısı aidiyyəti dövlət qurumu tərəfindən müəyyənləşdiriləcək, digər platformalardan istifadə isə yalnız valideyn razılığı ilə mümkün olacaq. Bunlar üçün ciddi yaş yoxlaması tətbiq ediləcək. Qadağa təhsil və elmi kataloqları və ya ensiklopedik məlumat platformalarını əhatə etməyəcək.

Fransa prezidenti Emanuel Makronun prosesi şəxsi nəzarətinə götürməsi isə rəsmi Parisin məsələyə nə qədər ciddi əhəmiyyət verdiyini göstərir.

Sosial sorğuların nəticələrinə görə hökumətin bu addımını Fransa ictimaiyyəti də dəstəkləyir. Hələ iki il bundan əvvəl Harris Interactive şirkətinin keçirdiyi ictimai rəy sorğusunda iştirak etmiş fransalıların 73%-I uşaqların sosial mediadan istifadəsinin əleyhinə çıxıb.

Görünən odur ki, respondentlərin bu narahatlığı heç də əsassız deyil. Fransanın ictimai səhiyyə orqanı artıq 2025-ci ildə "TikTok", "Snapchat" və "Instaqram" kimi sosial şəbəkələrin yeniyetmələr, xüsusən də qızlar üçün potensial zərərli olduğunu bildiriblər.

Onlar arasında sosial mediadan asılılıq göstəricisi isə kifayət qədər yüksəkdir – araşdırmalara görə, 11-18 yaşlı oğlan və qızların təxminən 60-70 faizi sosial mediadan istifadəçisidir. Üstəlik hər iki yeniyetmədən biri bir gündə sosial mediada 5 saata yaxın vaxt keçirir.

Problem digər Avropa ölkələrinə də xas olduğu üçün Avropa Parlamenti Fransanın sosial mediadan istifadə üçün yaş həddi müəyyən etməsini dəstəkləyib. Qurum hələ 2025-ci ilin sonlarında digər Avropa ölkələrini də belə bir limit tətbiq etməyə çağırıb.

Uşaqların sosial mediadan istifadəsindən narahatlıq ifadə edən və buna qarşı mübarizə aparmağa çalışan ölkələrin coğrafiyası təkcə Avropa ilə bitmir. Ötən ilin sonunda Avstraliya dünyada ilk dəfə olaraq yaşı 16-dan aşağı olanuşaqların sosial media platformalarına girişinə məhdudiyyət tətbiq edib.

Avstriya, Almaniya, Danimarka, İspaniya, Norveç, Yunanıstan, Hindistan, İndoneziya, Malayziya kimi ölkələr isə qadağa tətbiqini nəzərdən keçirən ölkələr sırasındadır.

İnkişaf etmiş ölkələrdə belə hüquqi qadağaların tətbiqi məsələnin ciddiliyinin sübutudur. Uşaqların, valideynlərin, ümumilikdə ictimaiyyətin rəqəmsal risklər barədə maarifləndirilməsi, sosial media platformalarındakı məzmunların təhlükəsizliyinin təmin olunması vacidbir ki, uşaqlar 15 yaşa çatdıqda platformalardan daha hazırlıqlı, səmərəli və təhlükəsiz istifadə edə bilsinlər.

Bu gün sosial media platformaları bəzən uşaqları valideynlərindən daha yaxşı tanıyır. Onlar kommersiya məqsədləri üçün istifadəçini daha çox cəlb etməyi, şəbəkədə keçirdiyi vaxtı maksimum dərəcədə artırmağı hədəfləyir və bu məqsədlə xüsusi alqoritmlər vasitəsilə istifadəçinin maraq dairəsini, zövqünü, vərdişlərini, seçimini dərindən öyrənir. Daha sonra həmin istifadəçiyə, onun davranışına uyğun mövzularda reklamlar satır.

Bu platformalar cəlbediciliyi artıran strategiyalar, manipulyativ və yüksək dərəcədə fərdiləşdirilmiş məzmun təqdim edən alqoritmlər tətbiq edirlər. Sadə dillə desək, az qala fikrimizdən keçənləri oxuyurlar.

Bu alqoritmlər xüsusən də psixoloji cəhətdən tam yetişməmiş yeniyetmələrin sağlamlığına çoxsaylı mənfi təsirlər göstərir. Bu sırada psixoloji asılılıq və gərginlik, yuxu pozuntuları kimi fəsadları göstərmək mümkündür. Bir çox hallarda yeniyetmələr sosial şəbəkələrdə izlədikləri dəbdəbəli həyat və parıltılı görüntülərlə özünü müqayisə edir və nəticədə özgüvəni aşağı düşür, riskli davranışlar formalaşır, kiberzorakılığa məruz qalmaq ehtimalı artır.

Bu təhdidlərin Azərbaycandan da yan keçmədiyi göz qabağındadır. Əminliklə demək olar ki, əgər Fransa cəmiyyətində respondentlərin 73 faizi 15 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə qarşı çıxırsa, Azərbaycanda bu problemdən narahat olanların sayı daha çoxdur.

Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı fevralın 27-də "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamla uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən edilir. Sənəddə qeyd olunur ki, internetdə uşaqlar üçün təhlükəsiz mühit yaratmaq, kiberzorakılığın qarşısını almaq və rəqəmsal savadlılığı artırmaq əsas hədəflərdən biridir. Dövlət tərəfindən uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı yeni sənədlər qəbul edilib. Uşaqların sosial şəbəkələrdə və internet platformalarında zərərli məzmunlardan (kiberzorakılıq, uyğunsuz məzmun) qorunması üçün mexanizmlərin gücləndirilməsi, rəqəmsal mühitdə uşaqların qorunması istiqamətində ekspert qrupları tərəfindən monitorinqlərin aparılması və təhsil komitələrinin fəaliyyəti də Sərəncamda əks olunub. Rəqəmsal təhlükəsizlik, yeni dövrün çağırışlarına cavab verən tədbirlər planı da nəzərdə tutulub.

Eyni zamanda sənəd yalnız məhdudlaşdırıcı xarakter daşımır, həm də tənzimləyici və inkişafetdirici funksiyanı yerinə yetirir. Məqsəd də bəllidir - sosial şəbəkələrdən istifadəni qadağan etmək deyil, onların istifadəsini hüquqi, texnoloji və pedaqoji mexanizmlərlə təhlükəsiz müstəviyə gətirməkdir.

Bu gün rəqəmsal texnologiyaların genişlənməsi nəticəsində uşaqlar erkən yaşlardan internet mühitinə daxil olur, sosial media platformaları onların həyatının ayrılmaz hissəsinə çevrilir. Bu isə onları yuxarıda sadaladığımız təhdidlərlə üz-üzə qoyur - uşaqların yaşlarına uyğun gəlməyən məzmunla tanış olma riskləri, kibertəhlükəsizlik problemləri, kiberzorakılıq və manipulyativ təsirlər, şəxsi məlumatların ələ keçirilməsi və s. Diqqət etsək, hər gün bu təhlükələrlə bağlı xeyli nümunənin şahidi oluruq.

Konstitusiyaya görə uşaqların təhlükəsizliyini təmin etmək dövlətin öhdəliyi sayılır. İndiki halda əsas məqsəd, uşağın diqqətini qorumaq, psixi sağlamlığı gücləndirmək, rəqəmsal asılılığı azaltmaq, tədrisin keyfiyyətini artırmaq olmalıdır.

Bu səbəbdən ictimai səhiyyə problemlərinə uyğun olaraq sosial media platformalarının idarəetmə çərçivəsi müəyyənləşdirilməli, onların iş prinsipləri nəzərdən keçirilməlidir. Məsələn, manipulyativ interfeys üsullarından istifadə edilməməlidir. Bundan əlavə ekstremal davranış, qumar oyunları, lazımsız və həddini aşan pəhrizlər, pornoqrafiya və nifrət məzmunlu məlumatlar, təqib və zorakılığın bütün formaları kimi zərərli məzmunun yayılmasına qarşı tədbirlər görülməlidir. İnsanların sosial şəbəkə hesabından istifadə müddətini artırmağa, onların maraqlarını öyrənib tövsiyyələrin dairəsini genişləndirməyə hesablanmış alqoritmlərin qarşısı alınmalıdır.

Əks halda bizi gələcəkdə psixi sağlamlığı yerində olmayan, zorakılığa meylli, aqressiv, natamamlıq komplekslərindən əziyyət çəkən, özgüvəni olmayan, bir sözlə, xəstə cəmiyyət gözləyir.

Xəbər lenti