ABŞ Yaponiyadan müdafiə xərclərini birbaşa olaraq ÜDM-in 5 %-i səviyyəsinə qaldırmağı tələb etməyib.
"Report"un məlumatına görə, bunu Yaponiyanın Baş naziri Sanae Takaiçi siyasi partiya liderləri ilə debatlar zamanı bildirib.
"Birbaşa olaraq konkret rəqəmləri – 3,5 % və ya 5 % eşitməmişəm. Biz müdafiə xərclərini ölkənin zəruri müdafiəsini təmin edəcək şəkildə artıracağıq", – deyə o vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə NATO tərəfdaşları və müttəfiqlərindən narazılığını bildirərək onların müdafiəyə çox az vəsait ayırmasını tənqid edib. O hələ seçilməzdən əvvəl Avropa tərəfdaşları öz təhlükəsizlikləri üçün daha çox maliyyə məsuliyyəti götürməsələr, ABŞ-nin Şimali Atlantika Alyansından çıxacağı ilə hədələyirdi.
Vaşinqtonun təşəbbüsü ilə iyunda Haaqada keçirilən sammitdə NATO ölkələrinin liderləri müdafiə xərclərini ÜDM-in 5 %-i səviyyəsinə qaldırmağa razılıq veriblər. Yaponiyada isə bu kontekstdə oxşar tələblərin Tokioya da irəli sürülə biləcəyindən narahatlıq ifadə olunur.