IMG-LOGO

Yaponiya hökuməti bazar spekulyasiyalarına qarşı tədbirlər görməyə başlayıb

25 Jan 2026 08:32 3 baxış
IMG

Yaponiyanın Baş naziri Sanae Takaiçi, yenin kəskin şəkildə bahalaşması fonunda treyderlərin mümkün valyuta müdaxiləsi ilə bağlı narahatlıqlar artırdıqdan sonra hökumətinin bazardakı spekulyativ hərəkətlərə qarşı lazımi tədbirlər görəcəyini söyləyib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Son həftələrdə Takaiçinin genişlənən maliyyə siyasəti və Yaponiya Bankının faiz dərəcələrinin yavaş artımının əlavə dövlət borclarının buraxılmasına və həddindən artıq inflyasiyaya səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda hökumət istiqrazları və yen satış təzyiqi altında qalıb.

Nyu-York Federal Ehtiyat Bankının faiz dərəcəsinə yenidən baxmasından sonra yen cümə günü kəskin şəkildə möhkəmlənib. Bəzi treyderlərin fikrincə, bu addım valyutanın ucuzlaşmasının qarşısını almaq üçün ABŞ-Yaponiya birgə müdaxiləsi ehtimalını artırıb.

Takaiçi "Fuji TV" tok-şousunda istiqrazların satılması və yenin qiyməti ilə bağlı suala cavab olaraq bildirib: "Mən konkret bazar hərəkətləri barədə şərh verməyəcəyəm. Hökumət spekulyativ və ya son dərəcə qeyri-adi bazar dalğalanmalarına qarşı lazımi tədbirlər görəcək".

Zəif yen Yaponiya hakimiyyəti üçün ciddi problemə çevrilib, çünki bu, idxalın qiymətini və ümumilikdə inflyasiyanı artırır, ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaldır.

Takaiçi artan yaşayış xərclərinin zərbəsini yumşaltmaq üçün böyük bir dövlət xərcləmə paketi hazırlayıb və ərzaq məhsullarına tətbiq edilən 8 faizlik satış vergisini iki il müddətinə dayandıracağına söz verib. Bu qərar istiqraz gəlirlərini kəskin şəkildə artırıb və Yaponiyanın böyük dövlət borcuna xidmət xərclərini yüksəldib.

O, televiziyada bildirib ki, hökumət aprel ayında başlayan maliyyə ili ərzində verginin iki illik dayandırılmasına başlamaq niyyətindədir.

Xəbər lenti