Əbu-Dabidə (BƏƏ) Ukrayna, ABŞ və Rusiya arasında keçirilən ikigünlük danışıqlarda ərazilərə dair heç bir irəliləyiş əldə edilməyib.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna"ya məlumatlı mənbə bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə danışıqlar konstruktiv şəkildə keçib. Qeyd edilib ki, danışıqların ikinci günündə hərbi və siyasi məsələlərin müzakirəsi paralel aparılıb.
"Faktiki olaraq iki bölmə ayrı-ayrılıqda danışıqlar aparırdı", - həmsöhbət deyib.
O, dəqiqləşdirib ki, siyasi bölmədə əhəmiyyətli irəliləyiş əldə olunmayıb: "Ukrayna təkid edir ki, ərazi məsələsini ən azı cari təmas xəttindən başlayaraq müzakirə etmək olar, Rusiya isə Donetsk vilayətinin işğal olunmamış hissəsindən Ukrayna qoşunlarının çıxarılmasının zəruriliyi barədə bəyanat verməyə davam edir".
Hərbi müstəvidə döyüş əməliyyatlarının dayandırılmasının monitorinqi, atəşkəs məsələlərinin nəzarəti və əlaqələndirilməsi üzrə mərkəzin yaradılması, həmçinin bu mərkəzə daxil olacaq ölkələr müzakirə edilib. Tərəflər növbəti görüşdən bir həftə əvvəl atəşkəsin müzakirə olunan maddələrinin dəqiq şərhlərini hazırlamağa razılaşıblar.
Nəşrin məlumatına görə, Rusiya nümayəndə heyəti nəzarət mərkəzinin fəaliyyətinə nə NATO, nə ATƏT, nə də Ukraynaya dəstək verən Avropa ölkələrinin cəlb edilməməsini tələb edib. Lakin Amerika tərəfi Rusiya nümayəndələrini ABŞ-nin münaqişə sonrası proseslərdə iştirakının məqsədəuyğunluğuna inandıra bilib.