Yüzlərlə onkoloji xəstəlik arasında elə əlamətlər var ki, onlar müəyyən bir orqanla məhdudlaşmır, bütövlükdə orqanizmin ümumi vəziyyətində özünü göstərir. Həkimlər xəbərdarlıq edirlər: bu cür əlamətlər çox vaxt həddindən artıq yorğunluq və ya yüngül narahatlıq kimi qiymətləndirilir və nəticədə təhlükəli siqnallar diqqətdən kənarda qalır.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, bu əlamətlərin ortaya çıxması avtomatik olaraq onkoloji xəstəliyin olduğunu göstərmir, lakin həkimə müraciət edib müayinədən keçmək üçün ciddi səbəb sayılır.
Mütəxəssislər vurğulayırlar: insan öz orqanizminin xüsusiyyətlərini yaxşı tanımalı və uzun müddət davam edən, aydın izahı olmayan hər hansı dəyişiklikləri diqqətlə izləməlidir.
Məlumata görə, aşağıdakı hallar narahatlıq doğurmalıdır: gecələr güclü tərləmə və ya bədən temperaturunun yüksəlməsi, davamlı və güclü yorğunluq hissi, həmçinin gözlənilmədən və nəzərəçarpacaq dərəcədə arıqlama.
Gecə vaxtı güclü tərləmə və ya qızdırma müxtəlif səbəblərdən yarana bilər. Bunlara infeksiyalar, bəzi dərmanların qəbulu və ya menopauza dövründə olduğu kimi hormonal dəyişikliklər daxildir. Bununla belə, əgər bu əlamətlər mütəmadi təkrarlanırsa və ya həddindən artıq güclü olursa, mütəxəssislər həkimə getməyi gecikdirməməyi tövsiyə edirlər.
Yorğunluq özü-özlüyündə stressə və ya fiziki yüklənməyə normal bir reaksiyadır. Ancaq əgər insan istirahətdən sonra belə özünü tükənmiş hiss edirsə və bu vəziyyətin aydın səbəbi yoxdursa, bu, tibbi qiymətləndirmə tələb edən siqnal ola bilər.
Çəki məsələsinə gəldikdə, bədən kütləsində kiçik dəyişikliklər normal sayılır. Lakin insan qidalanmasını və fiziki aktivliyini dəyişmədiyi halda nəzərəçarpacaq dərəcədə arıqlayırsa, həkimlər bunu mütləq ailə həkimi ilə müzakirə etməyi və mümkün səbəbi araşdırmağı tövsiyə edirlər.
Mütəxəssislər xatırladırlar: sağlamlıqda bu cür dəyişikliklərə erkən diqqət yetirmək vaxtında diaqnostika və müalicə üçün çox önəmli rol oynaya bilər.
Sağlıq xəstəliklər xərçəng xəstəliyi