Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Report" xəbər verir ki, süjetdə 2026-cı ilin Qərbi Azərbaycana qayıdış prosesinin praktiki müstəvidə reallaşması ili olacağından bəhs edilir.
Bildirilir ki, Azərbaycan və Ermənistan arasında ötən ilin avqustunda imzalanan Vaşinqton anlaşmalarından sonra sülh sazişinin icrası ilə bağlı müəyyən addımlar atılır, regional kommunikasiyanın açılması, Zəngəzur dəhlizinin Ermənistan hissəsində tikinti işlərinə bu il başlanacağı gözlənilir.
Qeyd olunur ki, ABŞ rəsmilərinin son dövrlər İrəvana səfərləri Zəngəzur dəhlizinin inşaat işlərinin intensivləşdirilməsi ilə bağlıdır: "Bunun fonunda neft məhsullarının ixracı Bakı-İrəvan xəttində sülhün praktiki müstəvidə icrası kimi qəbul olunur. Ticarət münasibətlərinin yaranması, eləcə də iki ölkə arasında etimad quruculuğu istiqamətində atılan addımlar yekun sülh müqaviləsini daha da yaxınlaşdırır. Fevralda ABŞ-dan yüksək səviyyəli rəsminin Ermənistana səfəri gözlənilir və məqsəd Ermənistanda ABŞ siyasətinin həyata keçirilməsi, eləcə də Zəngəzur dəhlizi olacaq".
Diqqətə çatdırılır ki, Ermənistanda parlament seçkiləri bu ilin iyun ayında keçiriləcək və İrəvanda parlament seçkilərindən sonra azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının əsas gündəm olacağını düşünürlər.
"Yerevan today" saytının redaktoru Sevak Hakobyan, jurnalist Hakob Badalyan Azərbaycanın Ermənistana neft məhsullarını ixrac etməsindən yazır və qeyd edirlər ki, prosesin sonunda azərbaycanlıların qayıdışı reallaşacaq: "Paşinyan seçkidə qalib gəldikdən sonra yeni Konstitusiyanı qəbul etdirəcək və azərbaycanlıların Ermənistana, Qərbi Azərbaycana qayıdışına start veriləcək. Azərbaycanın əsas planları arasında Göyçə gölünün suyundan, eləcə də Zəngəzur bölgəsindəki yeraltı sərvətlərdən birgə istifadə etməyə nail olmaqdır".
Vurğulanır ki, bütün bunlar 2026-cı ilin Qərbi Azərbaycana qayıdış məsələsində həlledici dövr olduğunu deməyə əsas verir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Qərbi Azərbaycan Xronikası: Göyçə gölü və Zəngəzur resursları qayıdış müzakirələrinin mərkəzində
