Qazaxıstan taxılının 30 ildən sonra Azərbaycandan keçməklə Ermənistana tədarük edilməsinə qarşı müxtəlif iddialar irəli sürənlər də var.
Ermənistanın "Novosti Armeniya" adlı rəsmi saytında "Toksinlər və uran" başlığı altında yazıda Qazaxıstandan idxal olunan taxılla bağlı qalmaqallı bəyanat verilib. Belə ki, Nairi Ohikyan adlı jurnalist ictimai rezonans doğuran məlumat dərc edib. Onun iddiasına əsasən, bu, "yem buğdası" adlandırılan 4-cü sort buğdadır: "Bəzi elmi iddialara görə, bu qazax buğdası kimyəvi sayılan "alfa" və "miko" toksinləri ilə çirklənib. Digər beynəlxalq tədqiqata görə, bu Qazaxıstan buğdası kütləvi nüvə sınaqları keçirilən bölgədə yetişdirilib".
Bunun ardınca o, uran hasilatı zamanı torpağın çirklənməsi nəticəsində xərçəng xəstəliyinin törənməsindən bəhs edib. Jurnalist Azərbaycanın xoşməramlı, sülhsevər və əməkdaşlığı təşviq edən davranışı üzərinə də qara kölgə salaraq "mağazadan un alarkən həmin buğdaların Azərbaycan ərazisindən gətirildiyini unutmamağı" tövsiyə edib.
Ermənistanın qida Təhlükəsizliyi Müfəttişliyinin uyğun qurumu bu şantaj və qərəz dolu, cəmiyyətdə etirazlar, iğtişaşlar, inamsızlıq yarada biləcək açıqlamaya sərt münasibət bildirib: "Dezinformasiya vasitəsilə panika yaratmaq cəhdləri yolverilməzdir. Qida Təhlükəsizliyi Müfəttişliyi Orqanı həm Rusiya Federasiyasından, həm də Qazaxıstan Respublikasından idxal edilmiş buğda partiyalarından nümunələr götürərək öz funksiyalarını yerinə yetiriblər".
Qeyd edilib ki, fitosanitar ekspertizalar zamanı aparılan entomoloji, fitopatoloji və alaq otları üzrə tədqiqatlar nəticəsində karantin zərərvericilər aşkar olunmayıb. Bildirilib ki, təhlükəsizlik göstəriciləri sınaqları çərçivəsində toksik elementlər (ağır metallar), pestisidlər, mikrotoksinlər və radioaktivlik tədqiq edilib: "Nəticədə maksimum icazə verilən konsentrasiyalardan kənaraçıxmalar qeydə alınmayıb. Keyfiyyət göstəricilərinin sınaqları çərçivəsində: zülalın kütlə payı, qlütenin miqdarı, nəmlik və orqanoleptik (rəng, qoxu) göstəricilərə görə Rusiya Federasiyasından olan nümunə 2-ci sorta, Qazaxıstan Respublikasından olan nümunə isə 3-cü sort buğdaya uyğundur".
Müfəttişlik vurğulayıb ki, jurnalistin bu iddialarının mənbəyi də məlum deyil: "Xüsusilə, kimyəvi mənşəli "alfa-toksin"inin nə olduğunu, onunla ictimaiyyəti "terror"a məruz qoymaq cəhdini yalnız müəllif özü bilir".
Bunu sıradan bir jurnalistin Qazaxıstan taxılına yanaşması kimi qəbul etmək rusca sadəlövhlük olardı (Rus atalar sözündə deyilir: "Sadəlövlük oğurluqdan betərdir").
Odur ki, Azərbaycan üzərindən Ermənistana ötürülən taxılla bağlı məsələni aşağıdakı istiqamətlərdə dəyərləndirmək olar:
- Ermənistan hakimiyyətinin Rusiya ilə soyuq münasibəti;
- Ermənistanın Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri ilə RF-dən kənar əlaqələri genişləndirməyə başlaması;
- Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması;
- Taxıl bazarında Rusiyanın Qazaxıstanla rəqabətdə olması;
- Rusiyanın Ermənistanın taxıl bazarından qismən sıxışdırılması;
- Ermənistan hökumətinə etimadsızlığın, inanmsızlığın təbliğ edilməsi;
- Nairi Ohikyanın "jurnalistliyi", Ermənistanın AES-i.
2018-ci ilin mayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra Ermənistan hökumətinin şimaldan uzaqlaşacağının konturları görünməyə başlamışdı. Bu, ilk növbədə, dövlət idarəetmə orqanlarında "təmizlikdən" başladı. 44 günlük müharibədən sonra Baş nazir Nikol Paşinyan güc strukturlarında "beşinci kolon"un olduğunu bildirmişdi. Bir müddət sonra qurumların bu bəladan xilas edildiyinə dair açıqlama da verdi.
Ermənistan iqtisadiyyatının Rusiyanın əlində olduğu sirr deyil. Bu baxımdan, Paşinyan hökuməti Kremlin nəzarətindən qurtulmaq üçün "Qazprom Armeniya", "Ermənistan Elektrik Şəbəkələri" (EEŞ) QSC-nin, habelə Rusiyanın varlandırdığı erməni milyarderlərə qarşı müxtəlif addımlar atır. "Taşəir" şirkətinin başçısı, Rusiya vətəndaşı, erməni milyarder Samvel Karapetyan hazırda həbsdədir.
Ölkədə bu elektrik şirkətinin milliləşdirilmsi istiqamətində hazırlıq işləri görürülür.
Ümumerməni katolikos II Qaregin və Eçmiədzin kilsəsinə tabe olan bir neçə keşişin həbs edilməsi də Ermənistan hakimiyyətinin Rusiyadanqaçma addımlarından sayılır.
Bu siyahını uzatmaq da olar. Odur ki, Qazaxıstan taxılı idxalı da bu prosesin davamıdır. Belə bir şəraitdə rəsmi İrəvan qida və ərzaq təhlükəsizliyini Rusiya inhisarından xilas etməklə yanaşı, həm də bu istiqamətdə alternativ mənbə əldə edib.
Bu arada, Rusiya və Qazaxıstanın taxıl bazarında bir-birinə rəqib olduğuna da nəzər yetirmək yerinə düşər. 2025-ci ilin sonuna qədər Rusiyada taxıl məhsulunun 131-135 milyon ton həcmində olacağı proqnozlaşdırılırdı. Rusiya Kənd Təsərrüfatı Nazirliyi məhsulun 135 milyon tona qədər, "ProZerno" isə 131,29 milyon ton olacağını gözləyir.
Ermənistan üzrə bu sahədə dəqiq məlumatlar olmasa da, 2025-ci il üçün 130-140 min ton buğda istehsal olunacağı təxmin edilir.
2025-ci ilin sonuna qədər artıq 100 milyon tondan taxıl çox yığılıb, hədəf göstəricilərinə çatılacağı gözlənilir.
Rusiya taxılı 2024- 2025-ci il mövsümündə 53 milyon ton ixrac edilib. Rusiya və Ermənistanın taxıl tədarükü sahəsində əməkdaşlığı davam edir.
Rusiya regionun, o cümlədən Ermənistanın ərzaq təhlükəsizliyini buğda tədarükü ilə təmin edir ki, bu da 2025-ci ilin payızında toplanmış 100 milyon ton taxıl haqqında məlumatlarla təsdiqlənir.
Ermənistan ildə 450-500 min tona taxıl idxal edir. Bunun da böyük bir hissəsi Rusiyanın payına düşür. Azərbaycandan keçən yol bağlı olduğu üçün bu tələbatın Rusiya taxılının hesabına ödənildiyi də istisna olunmur. Məlumatlara əsasən, bu ilin ilk 5 ayında Ermənistana Rusiyadan 190 min ton kənd təsərrüfatı məhsulları tədarük edilib.
Qazaxıstan Azərbaycan üzərindən Ermənistana taxıl ixracını artırmağı planlaşdırır. Qazaxıstan bu ölkəyə hər ay 15-20 min tona taxıl tədarük etməyə hazır olduğunu bildirib. Mütəxəssislərin qənaətincə, bu da erməni istehlakçıları üçün keyfiyyətli taxılın sabit tədarükünü təmin etməyə imkan verir. Bildirilib ki, Qazaxıstan buğdası yüksək keyfiyyətinə görə dəyərləndirilir, un və qarışıq yem istehsalında istifadə olunur.
Qazaxıstanla Ermənistan arasında taxıl tədarükünə dair tələb və təklif ödənir. Çünki İrəvan sabit tədarükdə maraqlıdır, Astana isə yeni bazarlar axtarır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Qazaxıstanın Ermənistan üzərində heç bir siyasi manipulyasiyası mövcud deyil. Bu il noyabrın sonunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Nikol Paşinyanla keçirdiyi brifinqdə bəyan edib ki, ölkəsi Ermənistana müntəzəm olaraq taxıl və digər məhsullar tədarük etməyə hazırdır.
Ermənistan Statistika İdarəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Ermənistandan Qazaxıstana ixracın həcmi 41 milyon 633 min 800 dollar təşkil edib.
Belə qənaətə gəlmək olar ki, Rusiya Ermənistanın taxıl bazarından sıxışdırılması ilə razılaşmır. Azərbaycana qonşu olan Ermənistanda isə başlıca siyasi müxalifət birmənalı olaraq rusiyayönümlüdür. Eləcə də orada istiqaməti, gözü şimalda olan KİV, siyasilər, ekspert və ictimai xadimlər var.
Moskva Nikol Paşinyan hökumətinə kilsədən bələdiyyələrə, ordudan sərhədə, təbii qazdan elektrik enerji tələbatının ödənilməsinə, siyasi təşkilatlardan ictimai hərəkatlara və başqa istiqamətlərdə təzyiqlər edir, onun Kremldən uzaqlaşmasına imkan vermir. Rusiya üzdə Ermənistanı "dost, qardaş" adlandırsa da, əlverişli şərait yaranan kimi təzyiq vasitəsini işə salır.
Odur ki, Nairi Ohikyan da Rusiyanın ictimai-siyasi, media sahəsində təsir alətidir. O, indiki Ermənistan hakimiyyətinə qarşı çoxsaylı qərəzli çıxışları ilə də tanınır. Bir neçə il öncə fəaliyyəti pedaqoji əməkdaşlığa uyğun sayılmadığı üçün onu İrəvan Dövlət Universitetindən (İDU) qovublar. O, "Ərazi inkişafları və Ermənistan" adlı fənni, siyasi jurnalistikanı tədris etmək üçün İDU-ya dəvət edilmişdi.
N.Ohikyan da Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edənlərdəndir. Bu jurnalist həm də "Sputnik Armeniya" ilə də əməkdaşlıq edir. Bir sıra hallarda isə bu media orqanı onun müdafiəsinə qalxır.
Beləliklə, məsələ heç də taxılın keyfiyyəti ilə bağlı deyil. Taxıl bazarı həm də Rusiya üçün Ermənistanda siyasi iddiaları həyata keçirmək üçün təsir alətidir. Ehtimal etmək olar ki, bu kimi səbəblərdən Moskva rəqabətdə olduğu ölkənin eyniadlı məhsulunu gözdən salmaq, bazarda inhisarını davam etdirmək, siyasi gücünü nümayiş etdirmək üçün bu dəfə mediadan istifadə edir. Jurnalist vasitəsilə ölkədə qarışıqlıq yaratmaq, əhalidə Paşinyan hakimiyyətinə qarşı inamsızlıq təbliğ etməklə yanaşı, Azərbaycan və Qazaxıstanın Ermənistanla əməkdaşlığı üzərinə şübhə toxumu səpir.
Ermənistanda "Metsamor" atom elektrik stansiyası (AES) var. Onun ətraf mühitə vurduğu ziyanla bağlı qonşu ölkələr, BMT mütəxəssisləri, müxtəlif beynəlxalq təşkilatlar zaman-zaman etirazlar ediblər. Bu AES də uranla işləyir. O zaman ohikyanlar İrəvandan 30-35 km aralı yerləşən bu stansiyanın fəaliyyətindən niyə narahat olmurlar?
Beləliklə, Rusiya Ermənistanı taxılla da imtahana çəkməyə səy göstərir...







