IMG-LOGO

Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 3,2 milyon manat ödənişlər həyata keçirilib

11.12.2025 22:32 2 baxış
IMG

Aqrar Sıgorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş verən hadisələr və heyvan tələfatı ilə əlaqədar olaraq fermerlərə indiyədək ümumilikdə 3,2 milyon manat sığorta ödənişi həyata keçirilib.

Bu barədə "Report"a fonddan bildirilib.

Heyvandarlıq təsərrüfatlarına 2021-ci ildə 118 min manat, 2022-ci ildə 671 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ildə 1 milyon 172 min manat, 2025-ci ilin ilk 10 ayında isə 327 min manat sığorta ödənişi edilib.

Təhlillər göstərir ki, heyvandarlıq sığortası üzrə özənişlər əsasən yoluxucu xəstəliklər, yem və otdan zəhərlənmə, vəhşi heyvanların (ayı, canavar və sair) hücumu, ilan və ya həşarat sancması və sair hallardan qeydə alınır.

Dövlətin 50 %-lik sığorta haqqı dəstəyi sayəsində fermerlər öz heyvanlarını olduqca cüzi məbləğdə – sığorta haqqının yarısını ödəməklə sığotalaya bilərlər. Belə ki, hazırda iribuynuzlu heyvanların sığortası üzrə tariflər seçilmiş sığorta zərfindən asılı olaraq 4,89 %-7,80 %, xırdabuynuzlu heyvanlar üzrə tariflər isə 4,60-7,37 % arasındadır.

Nəticədə, məsələn, qiyməti 1000 manat olan inəyi sığorta etmək fermerə cəmi 24-39 manata, 300 manatlıq qoyun və ya keçinin sığortası isə cəmi 7-11 manata başa gəlir.

Hadisə baş verdikdə 10 % azad olma tətbiq edilməklə fermerə aqrar sığorta ödənişi edilir. Qanunvericiliyə əsasən yalnız, rəsmi bəyan edilmiş və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan heyvanlar sığortalana bilər. Fermerlər heyvandarlıq təsərrüfatlarını sığotalamaq üçün Aqrar Sığorta Fondunun yerli filiallarına və ya 1651 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Sığortalanmaq üçün müraciət edilmiş təsərrüfata əvvəlcə müstəqil aqrar sığorta eksperti baxış keçirir, təsərrüfat və heyvanlar lazımi tələblərə cavab verdiyi halda, onlar aqrar sığorta təminatına alınır.

Xəbər lenti