IMG-LOGO

AK Rusiya aktivlərinin Avropada müddətsiz dondurulması üçün 122-ci maddənin tətbiqini israr edir

11.12.2025 22:54 2 baxış
IMG

Avropada Rusiyanın 210 milyard avro məbləğindəki aktivlərinin müddətsiz dondurulması haqqında qərar kvalifikasiyalı səs çoxluğu ilə qəbul edilə bilər və Avropa İttifaqının Fəaliyyəti haqqında Müqavilənin (TFEU) 122-ci maddəsi bunun hüquqi əsasını təşkil edir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Aİ mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə brifinqdə bildirib.

"Aİ ölkələri ilə Ukraynanın reparasiya krediti şəklində maliyyələşdirilməsinin təmin olunması ilə bağlı müzakirələr davam edir, məqsəd Avropa Komissiyasının təqdim etdiyi təklifin mümkün qədər daha çox elementini razılaşdırmaq, paketin müxtəlif elementləri üzrə maksimum irəliləyişə nail olmaq və gələn həftə Avropa Şurasının həll yolu tapa bilməsidir", - o bildirib.

Aİ Müqaviləsinə əsasən, İttifaq əhalisinin 65 %-ni təmsil edən 15 ölkə Rusiyanın aktivlərini qeyri-müəyyən müddətə dondura bilər.

Hazırda Rusiyanın dondurulmuş aktivlərinə qarşı sanksiyalar Aİ üzvlərinin yekdil qərarı ilə hər altı aydan bir uzadılmalıdır.

Aİ-nin nümayəndəsi Balaş Uyvari bu məsələ ilə bağlı vəziyyəti şərh edərkən qeyd edib ki, son beş ildə Aİ tez-tez gözlənilməz böhranlarla üzləşib və bunun iqtisadi təsiri qaçılmaz olub.

"Belə olan halda Aİ Müqaviləsinin 122-ci maddəsi tətbiq olunur. İndi əminliklə demək olar ki, Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzü təkcə Ukraynaya deyil, həm də Avropada daha geniş iqtisadi vəziyyətə təsir göstərir. Bu isə o deməkdir ki, 122-ci maddənin tətbiqi məqsədəuyğundur, çünki bu, Avropa İttifaqının çətin iqtisadi vəziyyətdən çıxmasına kömək edə biləcək resursların cəlb olunmasına imkan verir", - o qeyd edib.

Uyvari əlavə edib ki, əgər Rusiya-Ukrayna müharibəsi, Ukraynaya yardımlar və müdafiə xərcləri olmasaydı, Avropada iqtisadi vəziyyət xeyli yaxşı olardı.

Qeyd etmək lazımdır ki, Belçikanın Baş naziri Bart de Vever Aİ-nin bu maddəni aktivləşdirmək niyyətini yenidən kəskin tənqid edib və bildirib ki, bunun üçün hüquqi əsas yoxdur, çünki İttifaq Rusiya ilə müharibə vəziyyətində deyil.

Xəbər lenti