IMG-LOGO

Diabet dərmanı miqrenə qarşı ümidverici nəticələr göstərdi - ARAŞDIRMA

23.06.2025 03:46 3 baxış
IMG

Avropa Nevrologiya Akademiyasının (EAN) konqresində təqdim edilən araşdırma diabet üçün istifadə edilən “liraglutide” adlı dərmanın miqren müalicəsində də təsirli ola biləcəyini ortaya qoyub.

Lent.az “Science Daily” portalına istinadla xəbər verir ki, İtaliyanın Neapol Universitetindən doktor Simon Braka və komandası piylənməsi və xroniki miqreni (ayda 15 və ya daha çox baş ağrısı günü) olan 26 nəfərə bu dərmanı verib. Nəticədə iştirakçılar ayda orta hesabla 11 gün daha az baş ağrısı yaşayıb və gündəlik fəaliyyətlərində əhəmiyyətli yaxşılaşma müşahidə olunub.

“Liraglutide” reseptor aqonistidir və əsasən 2-ci tip diabet və piylənmənin müalicəsində istifadə olunur. Bu araşdırmada dərmanın təsirinin çəki azalması ilə deyil, beyin mayesinin təzyiqini aşağı salması ilə əlaqəli olduğu ortaya çıxıb. Məhz bu mexanizm miqrenin yaranmasına səbəb olan daxili təzyiqləri azaltmaqla ağrının qarşısını ala bilər. Əlavə olaraq xəstələrdə ciddi çəki itkisi müşahidə olunmayıb. Həmçinin mədə-bağırsaqla bağlı yüngül yan təsirlər (ürəkbulanma, qəbizlik) olub, amma müalicəni dayandırmaq lazım gəlməyib. Effektlər 3 ay ərzində davam edib və xəstələrin çoxu ilk iki həftədə müsbət dəyişiklik hiss etdiblər.

Araşdırma hələ pilot mərhələsindədir və növbəti mərhələdə daha geniş, təsadüfi seçilmiş sınaqlar planlaşdırılır. Nəticələr təsdiq olunarsa “liraglutide” və bənzər dərmanlar, xüsusilə digər müalicələrə cavab verməyən miqren xəstələri üçün yeni ümid ola bilər.

Xəbər lenti