Bütöv qarpız otaq temperaturunda bir-iki həftə ərzində təzə qala bilər. Lakin qarpız kəsildikdən sonra onun saxlanma qaydası və müddəti dəyişir.
Lent.az xəbər verir ki, qida texnoloqu İzabella Matsko qarpızın qabığının meyvəni oksigenlə təmasdan qoruyan təbii baryer rolunu oynadığını bildirib.
Onun sözlərinə görə, qarpızı mümkün qədər bütöv saxlamaq məsləhətdir. Əgər onu aldıqdan dərhal sonra yemək planlaşdırılmırsa, yalnız istifadə etməzdən əvvəl kəsmək daha yaxşıdır.
Kəsilmiş qarpızın tərkibində su çox olduğundan onun xarab olma ehtimalı artır. Buna görə də kəsilən hissə dərhal örtülərək soyuducuya qoyulmalıdır. Kiçik dilimləri və kub şəklində doğranmış qarpızı hava keçirməyən qablarda saxlamaq mümkündür.
Yarım və ya dörddəbir qarpız saxlanılarkən isə yalnız kəsilmiş səthin örtülməsi kifayətdir. Bunun üçün qida plyonkasından, arı mumundan hazırlanmış xüsusi örtüklərdən və ya hava keçirməyən digər vasitələrdən istifadə etmək olar.
Bütöv qarpız mətbəxdə otaq temperaturunda təxminən 1-2 həftə qala bilər. Soyuducuda saxlanılması isə bu müddəti daha iki həftəyədək uzadır.
Kəsilmiş qarpızı soyuducuda saxlamaq şərtilə təxminən 3-7 gün ərzində yemək lazımdır. Böyük parçalar yeddi günədək təzə qala bildiyi halda, kiçik kub və dilimlərdə xarab olma əlamətləri artıq üç gündən sonra görünə bilər.
Mütəxəssis qarpız kəsildikdən sonra da qabığını saxlamağı tövsiyə edib. Qabıq meyvənin hava ilə təmasını azaldaraq onun daha uzun müddət təzə qalmasına kömək edir.
qarpız giləmeyvə mətbəxMənbə: lent.az