IMG-LOGO

“Anar Əsədli atasının qəbri üçün 4000 dollar aldı, yalanıymış” – Şahid ifadəsi

01 May 2026 17:05 4 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib.

Zərərçəkən E.N təqsirləndirilən Anar Əsədlini tanıdığını bildirib: "Mən Anarı 7-8 il olar ki, tanıyıram, bizi Türkiyədəki iş adamı olan ortaq dostumuz tanış etmişdi. 2019-cu ilin noyabr ayının  əvvəlində Anar atasının vəfatından sonra mənə zəng elədi. Görüşdük. Məndən xahiş etdi ki, pula ehtiyacı var, iş adamı dostumdan borc pul alım. Dedim "Bu mənim məntiqimə tərs gəldi, çünki mən borc almağı sevmirəm". Anar dedi ki, atasının  qəbrinin üstünü götürmək üçün 4000 dollar pul lazımdır. Dekabrın 25 -də  öz vəsaitimdən 4000 dollar pul verdim ona. Günlər, aylar keçdi, ondan səs-səmir çıxmadı. Bir müddət sonra Anar təkrar mənə zəng edərək, əlavə 1000 dollar istədi. 2023-cü ilin  yaz-yay vaxtı olardı, Anar o zaman artıq  Kürdəxanı təcridxanasında idi. Bir gün onun qardaşı Hilal zəng edib mənimlə görüşmək istədiyini dedi. Görüşəndə Hilal soruşdu ki, "Anar pulu sizdən pulu hansı əsasla alıb?" Hilala dedim ki, Anar mənə atasının  qəbri üçün o məbləği istəyib. Bunu eşidən Hilal çox məyus oldu, başını təəssüflə yellədi. Mənə dedi ki "Axı biz bacı - qardaş atamızın qəbirüstünü götürmək üçün aramızda pul toplamışdıq". Anar 2023-cü ilin fevralın əvvəlində borcundan 2000-3000  manat qaytarmışdı və qalan pulu da qaytaracağını vəd etmişdi. Aylar keçdi, Anara dedim ki, "İş qururam, pulu qaytar". Hər zəng edəndə müxtəlif  bəhanələr gətirirdi. Aprelin 15-dən sonra o, artıq telefonlarıma cavab vermirdi. Bundan sonra gedib ondan Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayət etdim. Anarın hazırda mənə 3000 dollar borcu var. Ya o həddindən artıq ağıllı insandır, ya da mən həddindən artıq axmaq bir insanam. Mənim tələbim pulumun qaytarılması və Anarın məndən üzr istəməsidir. Mən pulu alsam da, Anardan şikayətçi olacam. Çünki o mənə qarşı hörmətsizlik edib, məni sayıb zənglərimə cavab verməyib".

Təqsirləndirilən Anar Əsədli "Bu Rusiyadan gələn sifarişdir, indi siyasətçiləri oradan gələn sifarişlə həbs edirlər. Məni keçmiş partiya rəhbəri olduğuma görə həbs ediblər" - deyib.

Növbəti proses 15 may saat 10:30-a təyin edilib.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Anar Əsədov yüksək gəlir gətirmə adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlada pul alıb. O, ümumilikdə 255 min manat alıb. Həmin puldan 23 000 manat geri qaytarıb.

Anar Əsədli Etibar  Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Həmin məbləğdən 3400 manat ödəniş edib. Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4250 manat geri qaytarıb.

Xatırladaq ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

Hadisələr Anar Əsədli

Xəbər lenti