IMG-LOGO

Çexiya Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir - RƏY

28 Apr 2026 16:24 4 baxış
IMG

Avropanın əksər ölkələri sırasında Çexiya da Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan-Çexiya münasibətləri siyasi, iqtisadi və humanitar sahələri əhatə edir:

"Azərbaycanın əməkdaşlıq məkanı kimi mövqeyi güclənir, Bakıda keçirilən beynəlxalq tədbirlər və yüksək səviyyəli səfərlər ölkənin artan nüfuzunu göstərir. Tarixi Zəfərdən sonra əməkdaşlıq coğrafiyası genişlənib, artıq ölkənin regionları da diplomatik mərkəzə çevrilir. Prezident İlham Əliyevin Çexiyanın Baş naziri Andrey Babişi Qəbələdə qəbul etməsi bu baxımdan əhəmiyyətlidir".

Deputat iki ölkənin əməkdaşlıq etdiyi sahələr üzrə əməkdaşlığı da dəyərləndirib:

"Azərbaycan nefti Çexiyaya ixrac edilir və bu ölkənin enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. O cümlədən, Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda onu da əlavə etdi ki, biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır".

V.Rəhimzadə vurğulayıb ki, Çexiya Azərbaycanın əsas ixrac tərəfdaşlarından biridir:

"İkitərəfli əməkdaşlıqda energetika əsas yer tutur. Azərbaycan nefti Çexiyaya ixrac edilir və enerji balansında mühüm rol oynayır. Eyni zamanda, bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün böyük potensial var. Son 20 ildə Azərbaycana ümumilikdə 350 milyard dollar sərmayə qoyulub, bunun yarısı xarici investisiyalardır. "Moody's" agentliyinin müsbət reytinqi ölkənin investisiya cəlbediciliyini artırır".

Deputatın sözlərinə görə, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi, sabitliyi və təhlükəsizliyi onun beynəlxalq nüfuzunu gücləndirir. Çexiya ilə əməkdaşlıq enerji təhlükəsizliyi, alternativ marşrutlar və yaşıl enerji kimi sahələrdə yeni perspektivlər açır.

Xəbər lenti