Bu il keçirilən buraxılış imtahanlarında maksimum – 300 bal toplayanlardan biri də 18 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Zəhra Zərbəliyevadır.
Lent.az-a danışan Zəhra bildirib ki, o həm dərslərə, həm də sosial şəbəkələrə eyni dərəcədə vaxt ayırıb:
“Ümid edirəm ki, 700 bal toplayacam. IX sinifdən bəri öz üzərimdə ciddi işləyirəm, hazırlaşıram. Gün ərzində 3 maksimum 4 saat ev tapşırıqlarına ayırırdım. Mənə qaranlıq qalan sualları müəllimdən soruşub, onların həllinə diqqətlə qulaq asırdım. Əslində mən 300 yox, 290-dan çox bal gözləyirdim. Ümumi nəticəmin 690 civarı olmasını istəyirəm. I ixtisas qrupu üzrə hazırlaşıram, informasiya təhlükəsizliyi ixtisası üzrə ADA (Azərbaycan Diplomatik Akademiyasında) universitetində oxumağı hədəfləyirəm. Magistr təhsilimi isə xarici ölkələrdən birində almağı arzu edirəm.
Mənim həm telefonum var, həm də sosial şəbəkələrdə aktiv olmuşam. Amma balansı pozmamışam. Çalışmışam ki, sosial şəbəkədə keçirdiyim vaxt qədər dərsə də zaman ayırım. Nə telefona çox baxmamışam, nə də dərs oxumaq üçün əyləncəmdən qalmamışam. Düşünürəm ki, şagird hər ikisini balanslı saxlamalıdır.
Mənim kimi abituriyentlərə tövsiyəm odur ki, dərsə diqqətlə qulaq asın, bilmədiklərinizi dəfələrlə soruşmaqdan çəkinməyin, ev tapşırıqlarının hər birini həll edin. Belə olduqda, onlar da hədəflərinə nail olacaqlar. Fikrimcə, yüksək bal toplamaq təkcə genetik amillərlə əlaqəli deyil. İnsan özü çalışsa, hər şeyi bacarar”.
300 bal toplayan abituriyent yüksək bal toplayan şagird Zəhra Zərbəliyeva