Azərbaycan Basketbol Liqasında ikinci dəfə müntəzəm mövsümün MVP-si seçilmək "Sabah"ın oyunçusu Hassani Qravett üçün çox dəyərlidir.
29 yaşlı amerikalı idmançı bu barədə "Report"a açıqlamasında bildirib.
O, müntəzəm mövsümün A qrupunda ən yaxşı basketbolçu olması ilə bağlı fikirlərini bölüşüb:
"Müntəzəm mövsümün ən yaxşısı seçilmək böyük şərəfdir. Bu mükafatı ardıcıl 2 dəfə qazanmaq isə çox dəyərlidir. Azərbaycanda basketbolun inkişaf etdiyi bir dövrdə bu tarixin bir parçası olmaqdan qürur duyuram. Harada oynamağımdan asılı olmayaraq, hər zaman əlimdən gələni etməyə və öz izimi qoymağa çalışıram".
H.Qravett nümunəvi oyunçu olmaq istədiyini sözlərinə əlavə edib:
"Daim anlayıram ki, yalnız oynadığım komandanı deyil, həm də arxamda daşıdığım adı təmsil edirəm. Ailəmdə ilk peşəkar idmançıyam və bu yolu davam etdirərkən, gələcək nəsillər üçün nümunə olmaq, standartları mümkün qədər yüksəltmək üçün var gücümlə çalışıram. Ümid edirəm ki, məndən sonra gələnlər üçün motivasiya mənbəyi ola biləcəyəm".
Xatırladaq ki, Hassani Qravett Azərbaycan Basketbol Liqasının A qrupunda müntəzəm mövsümün MVP-si seçilib.