Aprel ayının 1-i Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib. Ermənistanın son illərdə Qərbə açılma cəhdləri, Cənubi Qafqazda gedən proseslər, İrəvan-Bakı xəttində sülh gündəliyi fonunda baş tutan bu görüşün sadəcə protokol xarakterli olmadığı açıq-aydın bilinir. Görüş zamanı açıqlamalar və bəyanatlar göstərir ki, tərəflər bir-birinə incə mesaj və xəbərdarlıqlar ötürüb. İki liderin görüşündən aydın olur ki, Kreml Ermənistana mesajlarını dolayı olsa da, aydın eyhamlarla çatdırır.
Prezident Putin Paşinyana uzun illər Ermənistana göstərdiyi dəstəyi xatırladaraq, enerji təhlükəsizliyi, təbii qazın bazar qiymətindən ucuz satılması, iki ölkə arasında ticarət dövriyyəsinin 6 milyard dolları ötməsi kimi faktları qabardaraq, İrəvanın Moskvadan hələ də asılı olduğunu diqqətə çatdırıb. Amma diqqət çəkən məqamlardan biri odur ki, Rusiya-Ermənistan ticarət dövriyyəsinin 6 milyard dolları ötməsi ikitərəfli iqtisadi əlaqələrin inkişafı kimi təqdim edilir. Əslində isə bu artımın böyük bir hissəsi klassik istehsal və daxili iqtisadi inteqrasiya yox, məhz reeksport əməliyyatları hesabına formalaşıb. Ukrayna müharibəsi səbəbindən sanksiyalara məruz qalan Moskva üçüncü ölkələrdən daxil olan malları Ermənistan üzərindən qəbul edir və bu da statistik göstəriciləri süni şəkildə şişirdir. Bu isə o deməkdir ki, rəsmi dövriyyə rəqəmləri hər zaman real iqtisadi qarşılıqlı asılılığın dərinliyini əks etdirmir, əksinə, geosiyasi şəraitin yaratdığı tranzit və vasitəçi funksiyanın nəticəsi kimi ortaya çıxır.
Bu fonda Putinin ticarət dövriyyəsi ilə bağlı rəqəmləri qabartması əslində siyasi mesajdır. Yəni, Ermənistan əldə etdiyi iqtisadi dinamikaya görə məhz Rusiyaya borcludur və bunun davamlılığı artıq İrəvandan asılıdır. Bu aspektdə isə Ermənistanın Qərbə yaxınlaşma cəhdləri Kreml tərəfindən strateji uyğunsuzluq kimi təqdim edilir. Bu isə bir sualı ortaya çıxarır: Rusiyadan iqtisadi və enerji baxımından faydalanan Ermənistanın Qərblə münasibətləri dərinləşdirmək kursu nə dərəcədə davamlıdır? Yəni, Rusiya liderinin ritorikası əslində açıq ittiham deyil, sadəcə qarşı tərəfi seçim qarşısında qoyur. Bu yanaşma iqtisadi arqumentlərlə siyasi xətti əlaqələndirən klassik güc diplomatiyası nümunəsi kimi qiymətləndirilə bilər.
Ermənistanda 7 iyun tarixində keçiriləcək parlament seçkiləri fonunda bu görüşün ikitərəfli münasibətlər çərçivəsini aşaraq daxili siyasi proseslərə toxunan incə və çoxqatlı siqnallar daşıdığı daha qabarıq şəkildə üzə çıxır. Son dövrlər İrəvanın Qərbə meyllənməsi Rusiya kulislərində daha sərt tənqidlərə məruz qalır. Elə Putinlə görüşdə də bu məsələyə toxunulması, seçkilərdə rusiyapərəst qüvvələrin fəal iştirakına şəraitin yaradılması ilə bağlı "tapşırıq verilməsi", bunu isə geosiyasi balansın bərpası kimi təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu isə o deməkdir ki, Kreml Ermənistandakı seçkilərin nəticəsində xüsusilə maraqlıdır və belə bir açıqlama sadəcə siyasi ritorika deyil. Bu, Moskvanın İrəvanın daxili siyasətinə dolayı təsir imkanlarıdır.
İlk olaraq, rusiyapərəst qüvvələrin seçkidə aktiv iştirakı Moskva üçün regional təsirini qorumaq üçün bir alətdir. İkincisi, belə bir yanaşma Ermənistanın Qərbə doğru kursunu tarazlaşdırır, eyni zamanda Paşinyan hakimiyyətinə təzyiq göstərir. Üçüncüsü, Rusiyanın bu mövqeyi həm iqtisadi, həm də təhlükəsizlik rıçaqları ilə dəstəklənərək, seçkiöncəsi siyasi mühitdə rəqabəti Moskvanın lehinə yönəltmək imkanlarını artırır. Qısacası, Moskvanın bu açıqlaması və "istəyi" Ermənistanın daxili siyasi trayektoriyasına və seçki nəticələrinə dolayı təsir mexanizmidir. Rusiya-Qərb qarşıdurması kontekstində baxsaq, Moskva bu addımı ilə təkcə Ermənistanın siyasətinə və seçkilərə təsir etmək niyyəti ilə yanaşı Cənubi Qafqazda geosiyasi mənzərəyə də müdaxilə niyyətini ortaya qoyur. Putinin ünsiyyət üslubunda hiss olunan ehtiyatlı, lakin məsafəli ton Paşinyan hökumətinə yönəlmiş siyasi narazılığın ifadəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda Moskvanın İrəvanın daxili işlərinə qarışmasının bariz nümunəsi sayılır.
Maraqlıdır ki, Rusiya ilə yanaşı, Qərb də Ermənistanın daxili işlərinə qarışır, xüsusən də seçkilər ərəfəsində bu məsələdə aktivləşmə müşahidə edilir. Amma bu müdaxilə birbaşa iqtisadi və hərbi təsirə malik deyil. Bir neçə ildir Qərb dövlətləri ilə imzalanan iqtisadi müqavilələr, viza prosesinin sadələşdirilməsi prosesi hələlik kağız üzərində qalıb. Bu daha çox siyasi müşahidə, maliyyə yardımı, diplomatik dəstəklə müşayiət olunur. Amma ortada maraqlı bir fakt var ki, digər ölkələrdə Qərbin siyasi proseslərə yanaşması insan haqları, şəffaf seçki və demokratiya prinsipləri üzərində daha sərt və açıq olur, amma Ermənistandakı gərginliyə və siyasi qarşıdurmaya nisbətən yumşaq yanaşma müşahidə edilir. Bunun isə bir sıra səbəbləri var.
Birincisi, Qərb üçün Ermənistan Rusiyanı Qafqazdan sıxışdırmaq üçün bir vasitədir. İkincisi, Qərb hələlik Ermənistanda Rusiya ilə açıq münaqişə riskini artırmaq istəmir. Üçüncüsü, Ermənistan həm Rusiya, həm də Qərbin təsir dairəsinin kəsişdiyi regionda yerləşir. Dördüncüsü isə Paşinyan hökumətinin hələlik iki stulda oturmaq istəyidir. Yəni, Paşinyan Qərbə yaxınlaşmaq istəyini bildirsə də, bu istək hələlik formal və məhdud çərçivədədir. Paralel olaraq isə Rusiyanın təsirini azaltmaq istəsə də, ölkənin strateji obyektləri, biznesi, dəmir yolları, hava limanı, enerji strukturu hələlik Moskvadan asılı vəziyyətdədir. Buna görə də Qərb hələ təmkinli davranır və müdaxilə vasitələrini ehtiyatla seçir. Qısacası, Qərb Ermənistanın daxili siyasi proseslərini diqqətlə izləyərək, humanitar və demokratik standartları əsas arqument kimi təqdim etməklə təsir göstərir. Rusiya isə fərqli olaraq, daha açıq və təhdid dili ilə danışır, bəzən isə təhqir və aşağılama tonunu seçir. Beləliklə, Ermənistanın geosiyasi seçimləri yalnız daxili siyasi balansla məhdudlaşmır. Həm Rusiya, həm də Qərbin təsir mexanizmlərinin sintezi ilə formalaşır və bu, daxili qarşıdurmanın beynəlxalq miqyasda dolayısı ilə gücləndiyini ortaya qoyur.
Bu isə bir daha göstərir ki, Ermənistan artıq həm regional, həm də qlobal kontekstdə Rusiya-Qərb qarşıdurmasının meydanına çevrilib. Yəni, Qərblə Rusiya Ukraynada açıq hərbi münaqişə aparırsa, Ermənistanda iki güc arasında soyuq müharibə gedir. Bu gün İrəvan seçki prosesi, geosiyasi təsir vasitələri ilə Qərb və Rusiya üçün soyuq müharibə arenası rolunu oynayır. Yuxarıda da qeyd edildiyi kimi, Moskva enerji, iqtisadi dəstək və siyasi təsir vasitələrindən istifadə edərək, seçki prosesini öz lehinə çevirmək istəyir. Qərb də öz növbəsində diplomatik kanallar, normativ təsir, insan haqları və demokratik institutlar vasitəsilə İrəvana təsir göstərir, Paşinyan hökumətinin Qərbə yaxınlaşma kursunu dəstəkləyərək regional balansı qorumağa çalışır. Diplomatik ritorika, iqtisadi rıçaqlar, seçki prosesinə təsir və geosiyasi siqnallar vasitəsilə rəqiblər bir-birinin mövqeyini sınayır və regionda strateji üstünlük uğrunda mübarizə aparırlar. Bu da öz növbəsində Ermənistanın daxili siyasətinə də ciddi təsir edir. Yəni, İrəvanın daxili siyasi trayektoriyası milli maraqlar çərçivəsində yox, qlobal güc balansının təzyiqi və qarşılıqlı maraqları ilə formalaşır. Qısacası, bu gün Ermənistan Rusiya ilə Qərb qarşıdurmasının "laboratoriyası"na çevrilib.
Ermənistanda gedən proseslər fonunda qeyd etmək lazımdır ki, müstəqil və balanslı xarici siyasət yürütmək məsələsində Azərbaycan nəinki regionda, hətta dünyada belə nümunəvi ölkə sayılmalıdır. İlham Əliyevin liderliyi altında formalaşan strateji duruş, regionda və qlobal səviyyədə ciddi diqqət çəkir. Məhz Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident Rusiya, Qərb və digər güc mərkəzləri ilə tarazlı və ölkənin milli maraqlarına uyğun münasibətlər qurub. Paralel olaraq isə enerji siyasəti, iqtisadi əlaqələr, ticarət, hərbi və təhlükəsizlik sahələrində praktiki addımlarla da öz mövqeyini möhkəmləndirir. Bu isə Cənubi Qafqazda regional sabitliyi qorumaq və geosiyasi balansı nəzərə alan uzunmüddətli strategiyanı əks etdirir. Bu gün rəsmi Bakı enerji resurslarını beynəlxalq bazarlara daşıyır, regiondakı tranzit və nəqliyyat dəhlizlərinin təhlükəsizliyini təmin edir, diplomatik platformalarda tarazlı iştirakını qoruyur ( Son olaraq ABŞ-İsrail-İran qarşıdurması bunun bariz sübutudur). Bu isə Azərbaycana qlobal siyasətdə də söz sahibi olmağa imkan verir.
İrəvandan fərqli olaraq, rəsmi Bakı beynəlxalq arenalarda qərarlarını hansısa güc mərkəzinin təsiri altında yox, milli maraqları çərçivəsində qəbul edir. Bu yanaşma həm strateji çevikliyi, həm də suverenliyə sadiqliyi nümayiş etdirir, nəticədə Azərbaycan Cənubi Qafqazda regional lider kimi mövqeyini möhkəmləndirir, Rusiya-Qərb qarşıdurması fonunda isə həm təsirli oyunçu, həm də balans təmin edən amil rolunu oynayır. Bu strategiya, ölkənin geosiyasi riskləri minimuma endirərək, diplomatik, iqtisadi və hərbi resursları kompleks şəkildə koordinasiya etməsi sayəsində Azərbaycanın həm daxili inkişafını, həm də regional nüfuzunu davamlı şəkildə artırır.
Kamil Məmmədov





