IMG-LOGO

Ukrayna Macarıstana "Drujba" boru kəməri ilə bağlı kompromis təklif edib

24 Feb 2026 13:37 4 baxış
IMG

Ukrayna Macarıstanla neft mübahisəsinin həlli üçün bir neçə real həll yolu təklif edib və Budapeşti bu məsələni daxili siyasətdə istifadə etməməyə çağırıb.

"Report"un "Politico"ya istinadən verdiyi məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib.

"Biz konstruktiv addım atmağa hazırıq və artıq bir neçə real həll yolu təklif etmişik", - XİN başçısı bildirib.

O vurğulayıb ki, Ukrayna Budapeştdən konstruktiv yanaşma gözləyir.

Sibiqa Macarıstan hökumətinin motivləri ilə bağlı şübhələrini bildirərək Ukrayna ilə münasibətlər mövzusunun seçkilər ərəfəsində daxili siyasi mübarizədə istifadə edildiyini ehtimal edib.

"Biz Budapeştdən Ukraynanı Macarıstanın daxili siyasətinə sürükləməyə son qoymasını tələb edirik", - nazir bəyan edib.

O, həmçinin qeyd edib ki, Kiyev münasibətlərin normallaşdırılması üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə Macarıstanın Baş naziri Viktor Orban arasında birbaşa görüşün keçirilməsini dəfələrlə təklif edib, lakin cavab almayıb.

"Əvəzində açıq ultimatum və şantaj yolu seçilib", - Sibiqa əlavə edib.

Xatırladaq ki, Macarıstan Ukraynaya dizel yanacağı ixracına qadağa qoyub və "Drujba" magistral boru kəməri ilə neft tədarükü bərpa olunana qədər ixracı bərpa etməyi planlaşdırmır.

Xəbər lenti