IMG-LOGO

Fəsillərlə bağlı sensasion kəşf

26 Dec 2025 18:37 3 baxış
IMG
0 0

Yeni bir tədqiqat yaz, yay, payız və qış fəsillərinin dünya üzrə düşünüldüyündən qat-qat daha çox uyğunsuz və qeyri-sinxron şəkildə keçdiyini üzə çıxarıb. Alimlər uzun müddət Yer üzündə fəsillərin sabit və proqnozlaşdırılan ardıcıllıqla dəyişdiyini hesab etsələr də, yeni araşdırma mövsümi keçidlərin əslində daha mürəkkəb olduğunu və çox vaxt bir-biri ilə uyğun gəlmədiyini göstərib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Kaliforniya Universitetinin alimləri 20 il ərzində toplanmış peyk məlumatlarından istifadə edərək Yer kürəsində mövsümi qanunauyğunluqları izləyiblər.

Araşdırma nəticəsində məlum olub ki, dünyanın müxtəlif bölgələrindəki ekosistemlər fəsilləri tamamilə fərqli ritmlərlə yaşayır.

Alimlər nəyi müəyyən ediblər?

Tədqiqatın əsas müəllifi olan bioqeo­qraf Drew Terasaki-Hart Yer ekosistemlərində mövsümi zamanlamanı əks etdirən son dərəcə detallı xəritə hazırlayıb. Alimlər qrupu xüsusilə biomüxtəlifliyin yüksək olduğu bölgələrdə fəsillərin ciddi şəkildə uyğunsuz keçdiyini müəyyən edib. Nəticələr göstərir ki, hətta coğrafi baxımdan bir-birinə yaxın olan iki ərazi belə mövsümi prosesləri fərqli vaxtlarda yaşaya bilər.

“Fəsillər çox vaxt sadə bir ritm kimi qəbul olunur, qış, yaz, yay, payız. Lakin araşdırmamız göstərdi ki, təbiətin təqvimi bundan xeyli mürəkkəbdir”, –  Terasaki-Hart bildirib.

Kolumbiyadakı qəhvə plantasiyaları nümunə kimi göstərilir

Araşdırmada diqqət çəkən nümunələrdən biri Kolumbiyadakı qəhvə plantasiyalarıdır. Dağ silsilələri ilə ayrılan plantasiyalar eyni bölgədə yerləşməsinə baxmayaraq, tamamilə fərqli mövsümi dövrlər yaşayır. Bu isə onların reproduktiv və məhsuldarlıq ritmlərinin sanki müxtəlif yarımkürələrdə yerləşirmiş kimi uyğunsuzlaşmasına səbəb olur.

Tədqiqat xəritəsi eyni zamanda maraqlı bir tendensiyanı da üzə çıxarıb: tropik meşələr və Aralıq dənizi iqlimi kimi biomüxtəlifliyi ilə tanınan bölgələrdə mövsümi ritmlər daha qeyri-müntəzəm olur.

Araşdırmaya görə, Kaliforniya, Çili və Cənubi Afrika kimi Aralıq dənizi iqliminə malik regionlarda meşələrin böyümə pik dövrü digər ekosistemlərlə müqayisədə daha gec baş verir. Bəzi ərazilərdə bu fərq iki aya qədər çata bilir.

Tədqiqatın nəticələri

Uzun illər ərzində Aralıq dənizi iqlimində mövsümi dəyişikliklərin nisbətən sabit olduğu düşünülürdü. Lakin bu araşdırma həmin fikri şübhə altına alaraq göstərir ki, yerli ekosistemlərin fəsillərə reaksiyası kəskin şəkildə fərqlənə bilər.

Alimlər vurğulayırlar ki, mövsümi dinamikanın bu cür mürəkkəbliyini anlamaq təkcə ekologiya üçün deyil, kənd təsərrüfatı baxımından da həyati əhəmiyyət daşıyır. Yeni məlumatlar göstərir ki, bitkilərin çiçəkləmə, meyvəvermə və məhsul yığımı dövrləri zahirən oxşar görünən bölgələrdə belə ciddi şəkildə fərqlənə bilər.

Qeyd edək ki, son vaxtlar ekologiya sahəsində aparılan digər araşdırmalar da təbiətin gözlənildiyindən daha mürəkkəb işlədiyini göstərir. Məsələn, alimlər tropik heyvanların niyə bu qədər rəngarəng olduğunu da izah ediblər.

Onların fikrincə, tropik iqlimin sabitliyi növlərin zamanla toplanmasına şərait yaradıb və bu qanunauyğunluq “biomüxtəlifliyin enlik qradiyenti” adlandırılır.

fəsil alimlər araşdırma

Xəbər lenti