Tədqiqatçılar pişiklər üzərində körpələr və itlər üçün istifadə olunan eyni testi aparıblar və nəticə hətta skeptikləri də təəccübləndirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər pişiklərin insanlara qarşı laqeyd olduğu barədə geniş yayılmış stereotipi təkzib ediblər.
Pişiklərin insanlardan emosional baxımdan nə dərəcədə asılı olduğunu müəyyən etmək üçün alimlər “yad vəziyyət” adlanan metodikadan istifadə ediblər. Bu test əvvəlcə körpələr üçün hazırlanıb, daha sonra isə itlərə uyğunlaşdırılıb.
Təcrübə zamanı heyvan sahibi ilə birlikdə tanımadığı otağa yerləşdirilib. Daha sonra qısa müddətli ayrılıq və yenidən görüş zamanı pişiyin davranışı müşahidə olunub.
Araşdırmanın nəticəsinə görə, pişiklərin təxminən 65 faizi təcrübə zamanı özünü inamlı aparıb. Onlar diqqətlərini həm yeni məkanı araşdırmağa, həm də sahiblərinə yönəldiblər.
Tədqiqatçılar bildirirlər ki, bu davranış oxşar şəraitdə itlərdə və insan körpələrində müşahidə olunan davranışla demək olar ki, eynidir.
Bununla belə, tədqiqatçılar bütün pişiklərin insanlara eyni dərəcədə bağlanmadığını vurğulayırlar. Bu bağlılığın gücünə heyvanın xarakteri, erkən yaşlarda sosiallaşması və konkret sahibi ilə münasibətlərinin keyfiyyəti təsir göstərir.
heyvanlar aləmi pişiklər sahiblərini sevirMənbə: lent.az