"Azəristiliktəchizat" ASC-də istismar müddəti başa çatmış iki ədəd istilik təchizatı obyektinin yenidənqurma işlərinə başlanılıb.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində Bakının Xətai rayonu, Yeni Əhmədli qəsəbəsində 2935 "A" məhəlləsində 1 saylı istilik məntəqəsinin və Gəncə prospekti 35 ünvanında yüksəldici nasos stansiyasının yenidən qurularaq müasir qazanxanaya çevrilməsi nəzərdə tutulur.
Bu layihənin icrası 25 yaşayış binası və 3 uşaq bağçasının ən yüksək səviyyədə istiliklə təmin edilməsinə imkan verəcək. Yenidənqurma işləri istilik mövsümünə qədər başa çatdırılacaq.
Bununla əlaqədar cəmiyyətin mühəndis texniki heyəti və layihənin icrasını həyata keçirəcək satınalma müsabiqəsinin qalibi olan tikinti şirkətinin nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilib, iş həcmi və işlərin icra qrafiki bir daha dəqiqləşdirilib. Nəzərdə tutulan işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Mənbə: report.az