IMG-LOGO

Ursula fon der Lyayen: Aİ üç əsas sahədə təhlükəsizliyi gücləndirməlidir

04 May 2026 11:35 3 baxış
IMG

Avropa energetika, müdafiə və təchizat zəncirləri kimi sahələrdə öz təhlükəsizliyini gücləndirməlidir.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvanda "Avropa Siyasi Birliyi"nin sammiti başlanmazdan əvvəl jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) idxal edilən qalıq yanacağından həddindən artıq asılıdır ki, bu da öz enerji güclərinin artırılmasını zəruri edir: "Söhbət bərpa olunan enerji mənbələrindən və nüvə enerjisindən gedir, çünki onlar Avropa daxilində istehsal olunur, daha ucuz başa gəlir və etibarlıdır".

Fon der Lyayen vurğulayıb ki, Brüssel həmçinin müdafiə qabiliyyəti imkanlarını da artırmalıdır. Onun sözlərinə görə, investisiyalar üçün artıq böyük həcmdə vəsait əlçatandır - indi hərbi texnika istehsalını və müdafiə imkanlarının inkişafını sürətləndirmək lazımdır.

O, həmçinin vurğulayıb ki, Aİ müttəfiq ölkələrlə əməkdaşlığı inkişaf etdirir, o cümlədən əsas tədarük zəncirlərinin şaxələndirilməsi üçün azad ticarət haqqında müqavilələr bağlayır:

"Hazırda Hindistan və Avstraliya ilə iş aparırıq, daha sonra isə Meksikaya keçəcəyik. Həmfikir tərəfdaşlarla əməkdaşlıq sayəsində bizdə sabit və etibarlı tədarük zəncirləri yaranır. Avropa artıq ticarət müqavilələrinin ən böyük şəbəkəsinə malikdir".

Xəbər lenti