IMG-LOGO

Serbiya xam neft idxalını artırıb

29 Apr 2026 02:10 4 baxış
IMG

Serbiyanın neft şirkəti "NIS" xam neft idxalını artırıb.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç Serbiya Neft Şirkətləri Assosiasiyasının (UNKS) üzvləri ilə ölkədə neft və neft məhsulları bazarındakı vəziyyəti müzakirə edərkən deyib. O həmçinin qeyd edib ki, Pançevo şəhərindəki neft emalı zavodunda məhsul istehsalı yüksəlib və ehtiyatların artırılması davam etdiriləcək.

"Yaxın Şərqdəki qeyri-sabitlik səbəbindən dünya birjalarında neftin qiyməti artmaqda davam edir ki, bu da təkcə Serbiyada deyil, digər ölkələrdə də neft şirkətləri üzərində ciddi təzyiq yaradır. Dövlət hər gün qiymətlərin dəyişməsini izləyir və qəbul olunmuş tədbirlərin təsirini təhlil edir. Bu tədbirlər olmasaydı, vətəndaşlar yanacaq üçün xeyli yüksək qiymətlər ödəyərdi. Əsas məqsədimiz vətəndaşlar üçün məqbul qiymətlərlə fasiləsiz təchizatı təmin etməkdir. Bazardakı vəziyyəti izləməyə davam edəcəyik və zərurət yaranarsa, təchizat təhlükəsizliyini qorumaq və vətəndaşların rifahını, eləcə də iqtisadiyyatımızı qorumaq üçün əlavə tədbirlər görəcəyik".

Nazir vurğulayıb ki, xüsusilə də yaxın dövrdə davam edəcək qeyri-müəyyənliklər səbəbindən şərait ideal deyil: "Yanacaq qiymətlərinin artımı inflyasiyaya təsir edir, inflyasiyanın artması isə faiz dərəcələrinə, ümumi istehlaka və iqtisadi artıma təsir göstərir. Qarşıda çətin şəraitdə asan olmayan qərarlar qəbul etməliyik. "NIS" xam neft idxalını artırıb, həmçinin Pançevodakı neft emalı zavodunda məhsul istehsalı yüksəlib və ehtiyatların artırılması davam etdiriləcək. Bazardakı digər iri şirkətlərin məhsul ehtiyatları da maksimum səviyyədədir".

Qeyd olunub ki, dövlət tədbirləri hesabına Serbiyada yanacaq qiymətlərinin artımı qonşu ölkələrlə müqayisədə daha aşağı olub və təchizat təhlükəsizliyi qorunub.

Xəbər lenti