Hörmüz boğazındakı gərginlikdən sonra dünya enerji bazarında sabitliyin bərpası təxminən iki il çəkə bilər.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol "France Inter" radiostansiyasının efirində bildirib.
Birolun sözlərinə görə, Hörmüz boğazı açıldıqdan sonra enerji daşıyıcılarının qiymətlərinin normal səviyyəyə qayıtması "tədricən" baş verəcək, çünki bazar son dərəcə qeyri-sabit qalacaq.
O bildirib ki, Yaxın Şərqdəki vəziyyətlə, o cümlədən Hörmüzün blokadasının və neft qiymətlərinin artmasının dünya iqtisadiyyatı üçün ciddi nəticələrə gətirib çıxara biləcəyindən narahatdır.
"Bu, həqiqətən də tarixdəki ən böyük böhrandır", - IEA rəhbəri bildirib və əlavə edib ki, hazırkı neft böhranının Rusiya və Ukrayna arasındakı müharibənin yaratdığı mövcud enerji problemləri ilə birləşməsi vəziyyəti daha da ağırlaşdırır.
"Əgər bu neft böhranını Rusiya ilə bağlı qaz böhranı ilə birləşdirsək, bu, artıq nəhəng bir böhran olacaq. Lakin məsələ yalnız neft və qaz deyil, bura həm də gübrələr, neft-kimya məhsulları, kükürd daxildir - bütün bu mallar qıt olacaq, bu da bütün dünyada, xüsusən də inkişaf etməkdə olan ölkələrdə inflyasiyaya gətirib çıxaracaq və iqtisadi artımı yavaşladacaq", - Fatih Birol izah edib.
Birol həmçinin qeyd edib ki, on trilyonlarla ABŞ dolları həcmindəki enerji bazarı faktiki olaraq əsas nəqliyyat marşrutlarına nəzarət edən bir neçə aktordan asılıdır, bu da sistemi son dərəcə həssas edir.
"Eni təxminən 50 kilometr olan boğaza nəzarət edən təqribən yüzlərlə silahlı şəxs - bu, absurddur", - IEA direktoru qeyd edib.